Əvvəlki səhifəyə qayıtmaq üçün                         

                                                           

SƏBƏTƏ GİRƏN
 
 Bir arvad varmış; şah tənbəliymiş. Qızını istəyirlər, elçi gəlir, «hə» verilir; nişan taxılır; «paltar kəsdi», sonra «qızyığdı» - «xinəyaxdı» olur. Arvad cehizi qurtarmayıb; yorğan-döşək salıb sırımağı, üzləməyi sabah-sabaha salır, «çəşənbə günü elərəm, şənbə günü elərəm» deyə oturub «mırt vurur».
Bir gün oğlan adamı qapını kəsdirir ki, «verin adamımızı – gəlinimizi, aparaq».
Heç bir hazırlığı olmayan arvad qaçıb mətbəxdə, zənbilin içində gizlənir. Gələnlər görür ki, arvad hey deyir:
Şəmbə dedim – otdum,
Çərşəmbə dedim – otdum,
Toy qapıya gələndə,
Səbətə girdim – otdum.
(otdum – vəzn xatirinə qısaldılmış, adətən dildə belə  deyilən «oturdum» deməkdir).
 
Qonaq eşşəyini həyətdəki mıxa bağlayıb harasa getməli olur; qaş qaralan zamanmış. Ev sahibinə sarı səslənir:
 -Qardaş, ulaqdan muğayat olun. Yoxsa Mazarat dayısı gəlib aparır.
 «Vaxt çağı» canavarın adını çəkməzlər. Odur ki, qonaq onu «ulağın dayısı» adlandırır.
 Bir dəfə toyda qalmaqal düşür. Qız tərəfi uzaqdan gələn oğlan adamına deyir:
 -Palazımız hazır döyül, kəsməmişik… Anası Ayxanım…
 -Ay balam, biz uzaqdan sizinən sözləşəndən sonra gəlmişik…
 -Yox ki, yox. Çalğıçılar içindəki dəfçalandan dəfi alıb «gəlinbacı Səkinə oxudu:
 Ayxanımın hisdi damı,
 Tökülsün əti, əndamı…
 Kəsin sözü, köpəyuşağı
 Verin qızı, köpəyuşağı.
 Fağır, üzüyola bir arvadın aman-zaman, imanı-gümanı bircə oğlu varmış. Onu evləndirmək, nəvə görmək arzusundaymış. Amma sən saydığını say, gör fələk nə sayır. Arvad oğlunu evləndirir. Gəlin asi çıxır. Arvadın gününü göy əskiyə düyür. Amma ana öz oğlunun səadətini qoruyub oğluna bir kəlmə də şikayət eləmir. Oğlan özü başa düşür; arvadı boşayır. Ana bir müddət sonra yenə də oğlunu evləndirmək istəyir.
 -Ay bala, təksən - balan olar. Mən də təkəm – gəlinim olar…
 Çox söhbətdən sonra oğlan razılaşır. Ana onu yenidən evləndirir. Bu gəlin əvvəlkindən də bədəsil çıxır. Arvadı uşaq işinə, it işinə buyurur. Nökər, qulluqçu əvəzinə işlədir. Bir gün ona deyir:
 -Ay ana, ayağa durmursan, qohum-qonşu bilmirsən, qapılar gəzmirsən. Oturmusan bir yerdə. Hər şeyi gətirib qoyuram qabağuva: dolmadı, küftədi, tava kababıdı – ətin döyürsən, bükəni bükürsən. Kürə qabağunda, bişirirsən. Gəlsənəm, sənin altına bir qədər 10-12 yumurta qoyum, çıxardasan.
 Arvad qorxudan razılaşır. Gəlin gətirib yumurtaları düzür onun yumşaq, isti yerlərinə. Bir müddət sonra yumurtalar din vurur, cücələr çıxır. Arvad onları yerindəcə yemləyir, su verir. Cücələr ona elə öyrəşir ki, arvad bir iş üçün dursa, məsələn deyək ki, «əl qabına», «su başına»çıxmaq istəsə, cücələr cükküldəşə-cükküldəşə onun dalınca qaçır. Bir dəfə oğul bunu görüb səbəbini soruşur. Ana demək istəmir. Çox təkiddən sonra boynuna alır. Oğlan qəzəblənib arvadını evdən qovur – boşayır. Qalırlar ana-bala tək.
Yenə bir müddətdən sonra ana başlayır oğluna yalvarmağa:
 -Ay oğul, gəl daşı tök ətəyindən.
 -O iki bəla sənə bəs eləmədi, ana?
 -Allah üçdən deyib. Hamı bir olmaz ki… Bu dəfə inşallah uğuruna  yaxşısı çıxar.
 -Təki sən deyən olsun.
 Ana üçüncü dəfə oğlunu  evləndirir. Toydan bir neçə gün sonra oğul ticarət üçün başqa məmləkətlərə gedir. O, gedəndən sonra gəlin arvadı ağ yuyur, qara sərir. Bir gün həyətlərinə meymunoynadanlar gəlir. Gəlin dəstənin başçısıyla sözbir eləyir:
 -Bu üzü bürüşük, arıq arvad bir oynamaq oynayır, görsən, qəşş edərsən.
 Pul alıb, arvadı meymunoynadan qaraçı dəstəsinə satır. Pulun qoyur cibinə.
 Oğlan ticarətə getdiyi şəhərlərdən birində küçədə meymunoynadan qaraçı dəstəsinə rast olur. Əlbəttə boğazına kəndir salınmış, ortada qamçı zərbəsiylə oynayan qarını görən kimi anasını tanıyır. Qaraçı dəstəsinin başçısına bu hamının ələ salıb güldüyü qoca bədbəxt qarının onun anası olduğunu deyir. Onu hardan tanıdığını soruşur. Dəstə başçısı and-aman eləyir ki:
 -Vallah, mən onu tanımamışam, oğurlamamışam. Filan şəhərdə bir gəlin satıb onu mənə – pulunan.
 Oğlan güclü pul müqabilində anasını qaraçıdan alır. Qaraçı vermək istəmirdi ki, qazanc əlindən çıxar. Nəysə… Oğul anasını götürüb, ticarətini də atıb vətəninə dönür. Arvadını xub döyür. Elə əzişdirir ki, pişiyə Əbülqasim deyir. Sonra da evdən qovur. Deyir:
 -Ana, gördün ki, mənim baxtımda əsil adam yoxdu. Bir daş altda, bir daş üstdə. Bir də mənə «evlən» deməyəsən ha!.. İnciyərəm səndən.
 Bir arvadın iki övladı varmış: bir oğlan, bir qız. Əri ölür. Dul qalır. Nəysə qızı ərə verir; oğlunu evləndirir. Gəlin gətirən kimi açar-qıfılı, od-ocağı, kəfkir-abgərdəni verir cavan ev sahibəsi təzə gəlinin ixtiyarına. Gəlin çox məkirliymiş. Çaydan bir yumru bülöv kimi qara qəmbər daş tapıb gətirir. Hər dəfə qonşu otaqda tək oturan qayınanasına xörək çəkəndə həmin daşı altına qoyur; üstünə «tütələmə» bir uşaqcan olan kimi xörək tökür. Hər dəfə də xörəyi arvadçın özü aparır. Arvad dolu evində, qazanclı oğul yanında yarıac, yarıtox dolanır. Bir gün fikirləşir ki, gedim qızımgilə. Heç olmasa, bir dəfə qarın dolusu xörək-çörək yeyərəm. Gəlir qızgilə. Xeyli oturur. Qız ona heç nə təklif eləmir. Ev, uşaq, baş qarışıq; fikirləşir ki, anam dövlətli, dolu evdən gəlib. Yəqin ac olmaz. Arvadın acından bağırsaqları qırılır. Çarəsiz durub çarşabını örtür. Öz evlərinə tərəf yol alır. Elə hey deyir:
 -Altı daş, üstü aş. Genə oğlumun evi… Altı daş, üstü aş. Genə oğlumun evi.
 Sən demə işdən qayıdan oğul anasıyla dabanbasma gəlirmiş. Arvadın da «zümzüməsini» eşidirmiş.Onlar evə gəlir. Gəlin aş bişiribmiş. Qayınana daşı ocağın böyründə, qazanın yanında, əlinin altındaymış.
 -Sakit oturun, bala, qoy əvvəl nənənin xörəyini çəkib aparım. Sonra gəlib sizə xörək verim. Axı nənə qocadı. Yol gəlib, yorulub.
 Bu sözlərlə də göz-göz edir, daşı nimçəyə qoyub bir kəfkir düyünü tütələtmə səpir üstünə. Qarasını da qoyur. Danqa sümük… Elə qalxıb getmək istəyəndə əri boşqabı onun əlindən alır:
 -Ver anama mən aparım, sən uşaqların payını çək.
 Gəlin narazılıqla deyinir:
 -Acından ölməzlər. Qoy məməyə özüm qulluq eləyim.
 Oğlan:
 -Sən çox qulluq eləmisən. Bu gün nobat mənimdi.
 Boşqabı alıb anasının otağına keçir. Xörəyi qadının qarşısına qoyur. Özü də yanında oturur.
 -Hə, ana, ye… baxım…
 Arvad qısılır:
 -Sən get, iş yorğunusan, sən ye… Mən qoca arvadam, yavaş yeyəcəyəm.
 Oğul təkid edir:
 -Yox, ana! Mənim gözümün qabağında ye, baxım…
 Arvad əlacsız qaşığı boşqaba bir vurur. İki vuranda daşa dəyir.
 Oğul üçün hər şey aydın olur. Öz otağına keçir. Arvadını saçlayır:
 -Qurban olasan uşaqlara. Səni öldürmürəm. Qovmuram. Bu gündən sonra sən mənim istəkli arvadım deyilsən. Uşaqlarımın qulluqçususan. Anama qalanda, bundan sonra onun payını özüm çəkib, özüm aparacam. Lap o avam keçmişlərdə bir qız varmış. Bir gün hava soyuq olanda evin içində büzüşüb gəzirmiş. Atası Hacı soruşur:
 -Nə var, aaaz, nə büzüşmüsən?
 Qız cavab verir:
 -Soyuqdu, ata!
 Kişi gülə-gülə zarafatla qızına deyir:
 -Aaaz, a bala, sən yaşda adamın qoltuğu altında balıq bişər. Nə soyuqdu-soyuqdu salmısan?
 Bir qədər sonra ata görür ki, qız bir qolunu tərpətmədən gəzir. Hər işi o biri əlilə görür. Soruşur:
 -Qızım, qoluna nə olub?
 -Bir parça ənzəli balığı qoymuşam bişə, ata!
 Kişi və evdəkilər bir-birinə qoşulub qəh-qəh çəkir. Sən demə ömründə atasından yalan eşitməyən qız onun zarafatını doğru qəbul edib. Gedib bir parça quru balıq kəsib əskiyə büküb, qoltuğu altına qoyub. Təndirdə bişən kimi, balığın bişməyini gözləyir.
 Bir arvad varmış. Ərinin hər sözünü Allah hökmü kimi qəbul edən xam, sadəlövh arvadmış. Bir gün əri evə bir kisə düyü gətirir. Hambal kisəni qoyub gedəndən sonra arvadına deyir:
 -Əməlli arıt, çox yaxşı düyüdü, - barmağının bir buğumunu göstərib əlavə edir, - bişəndə baaax bu boyda uzanır.
 Arvad düyünü sılıfdan, çəltikdən və başqa daş-torpaqdan təmizləyir.
 Bir gün evə qonaq gəlir. Arvad dinabı qaynadıb düyünü qazana tökür. Yanında oturub gözləyir. Arabir kəfkirlə bir-ikisini götürüb baxır. Ərinin göstərdiyi qədər uzanmadığını görüb yenə qaynadır. Bir vaxt onda xəbər tutur ki, düyü hamısı həlimə çevrilib.
 Mənim toyuğum ağ idi,
 Dərisi dolu yağ idi
 Dünən bu vaxt sağ idi.
 Nəqərat:
 Səni yanasan, toyuq aparan
 Odlanasan, toyuq aparan.
 Necə ki, mən yanıram /2
 Elə yanasan, toyuq aparan.
 Belə yanasan, toyuq aparan.
 ***
 Mənim toyuğum çil-çil idi
 Qanadları dil-dil idi,
 Toyuq deyildi, bülbül idi.
 Nəqərat:
 ***
 Mənim toyuğum banlar idi,
 Gəlib-gedəni yanlar idi
 İnsan kimi dil anlar idi.
 Nəqərat:
 ***
 Mənim toyuğum havada,
 İndi qızarır tavada.      
 Nəqərat:
 Bu oxunan gecə Abdullanın toyunda Əminə xalanın toyuqlarını oğurladılar