Əvvəlki səhifəyə qayıtmaq üçün              

                                   

 

 

MƏNİM  YENİ  İLLƏRİM

 

1965-dən 1966-ya keçən gecə mən yeni ili üç dəfə qarşılamışam… Qanada, Akkra şəhəri yaxınlığında «Labadi-biç» deyilən çimərlikdə Atlantik okeanın köpüklü ləpələrinə baş vururduq. Birdən Mamed sahildəki köşkdə fucerləri şampanla doldurub gətirdi:

 -Əzizlərim, - dedi, - Bakı vaxtilə saat 24.00-dür. Yeni ilinizi təbrik edirəm. Xoş günlər, saatlar, illər arzulayıram.

 Az sonra ekipacın üzvlərindən biri gətirdi dolu fucerləri:

 -Əziz dostlar, - dedi, - indi bu saat Moskva vaxtilə saat 24.00-dür. Yeni iliniz mübarək!

 Həmin gecə Qana vaxtilə saat 24.00-də 1965-dən 1966-ya keçən gecə yeni ili üçüncü dəfə – Qana vaxtilə 24.00-da qarşıladıq. Amma yeni ili bir dəfə… 1942-ci ildən 1943-cü ilə keçirdi. Yeni il nədi, adamın adı yadından çıxmışdı. Ağsu rayonunun Çaparlı kəndində müəllimdim. Bakıya Maarif Nazirliyinə çağırmışdılar. Kənddən Ağsuya gəldim. Bakıya yalnız sudabekerlərə yüklənmiş ot tayalarının üstündə getmək olardı. Birinə mindim, otu bərkidən yoğun kəndirlərin altına soxuldum ki, Ağsu-Şamaxı dolaylarında yıxılmayım. Başqa «sərnişinlər» də mənim kimi. Şofer bizi gətirib Xırdalanda boşaltdı, haqqını yığıb dedi:

 -Şəhərin içinə apara bilmərəm. Xaltura üstündə milislər atamı yandırar («soyarlar» demədi. Çünki onda hələ rüşvət bu pilləyə çıxmamışdı. Xırdalandan Bakıda Yuxarı Dağlıq (indi Abdulla Şaiq) küçəsindəki evimizə çatanacan gecə düşdü. Gəldim; əlbəttə, İzzət bacının yanına. Ot tayası qoynunda necə bulanmışdımsa, İzzət bacı cəld məşhur teştini ortaya çəkdi:

 -Gəl, yuyun, yoxsa bu tikanlar səni yatmağa qoymaz. Dalar bədənüvü.

 Teştin içində əyləşdim. İzzət bacı bir əlilə başıma su tökməyə başladı. Elə bu an onun divara vurulmuş radiosundan diktorun səsini eşitdik:

 -Əziz həmvətənlər, Sizi 1943-cü ilin gəlişi münasibətilə təbrik edirik… Qoy… İl… Qələbə… daha sözləri bütöv eşitmirdim. Gözlərimdən axan yaşlar başıma tökülən suya qarışırdı. «İlahi! Gör bu yeni ili harda, necə… teştin içində qarşılayıram…» Hönkürtüm İzzət bacını kövrəltdi. Əlini yaş çiynimə qoyub, o dövr üçün ən yayğın bir cümlə dedi:

 -Təki balalarımızçün orda yaxşı olsun.

 ***

 Bizim ana və bacılar hüzürlərdə elə ağılar deyirlər ki, həm də bunları vəziyyətə münasib elə yanğıyla söyləyirdilər ki, bunları yalnız dərdi başından aşan ana, Bacı düzə bilər.

 Amma kədərli yas məclislərində də bəzən qadın çaşır, gülünc bir şey deyir.  Belə oxşamalardan az qala bir lətifə kimi, rəhmətlik Fatma xanım xala (general-mayor Mustafa Nuriyevin anası, nənəmin əmisi gəlini. O qorxunc illərdən «Qızıllı Qurban ailəsiylə birlikdə: Mustafa və Şükufə bizdə nənəmə sığınmış, «ütü» keçənəcən daldalanmışdılar), Çaparlı Böyük xanım (müəllim kimi kirayənişin olduğum) və anam söyləmişdilər.

 a) Bir arvad ağı deyəndə gözü evdəki rəfə düşür və ağını yanılıb deyir. (Evində bişiriləsi balığı varmış).

                              Aşıq dava yaxşıdı,

                              Dərdə dava yaxşıdı.

 Rəfdə münasib tava görəndə balığı yadına düşür, ağının dalını yanılıb deyir.

 Bizim balıq bişməyə

 Sizin tava yaxşıdı.

  b) Bir başqası: öldürmədi dərdün məni, ay bala, payız milçəyinə döndərib. Dızzz eləyib bu divara, dızzz eləyib o divara qonduran anan qurban, xalan qurban, olmayan əmim qurban.

 v) Kənddə Abasalı adlı bir çoban ölmüşdü. Xalası onu belə oxşayıdı: Qabağuvun sürü qoyununa, əlüvün şobbu çomağına, sağ yanuvun sağmal qoyununa, sol yanuvun boz eşşəyinə, sənnən qardaş kimi sürü qoruyan Bozdar köpəyinə canım qurban Abbasalı heey…

 q) Bir başqa dərdli qadın xalasını oxşayırdı: çəpər çəkib yol açan xala vay, şiş böyürdən [1] payım var. Çəpər çəkib yol açan xala vay piləkan sinədən [2] payım var. Çəpər çəkib yol açan xala vay, uzun azardan [3] payım var. Zeyqunnəfəsdən [4] payım var. Çəpər çəkib yol açan xala vay, göy ösgürəkdən [5] payım var…

 (Bütün bu xəstəliklər onun əzizlərini aparıbmış). Özü də oxşamaq istəyən bir arvad dözmür, deyir:

 -Aaaz, bu çəpəri açın, bu fağır çıxsın. Biz də dil demək istəyirik axı…

 d) Tağılıda Vəsxanım adlı nişanlı bir qız hana qabağında oturub özüyçün xalça toxuyurdu. Kəndə əzgil gətiriblər, alır bir batman qoyur böyrünə; tumunu atmadan yeyir və çox ağır olan mədə-bağırsaq «pəndam» ilə həmin gecə ölür (o yerdə o zaman nə həkim, nə tibb məntəqəsi, nə imalə və s. vardı). Anası Gövhər xala axşam çağı mal gələndə qapının önündə gözəllər gözəli, yeganə qızının itkisinə tab gətirməyib bağırırdı, qızı çağırırdı:

 -Ay Vəsxanım, heeey. Mal gəlir, dur qənşərinə çıx heeey…

 Sonra çaşıb ağı dedi:

 Qara toyuq qaq elədi

 Qənəddəri şaqq elədi…

 Nə demək istəyirdi? Bütün o 16 evli kənd onun səsinə ağlayardı. Çox çəkmədi, Gövhər xala da qızın dalınca dünyasını dəyişdi.

 e) Ana babam Kərbəlayi Əliheydərin bibisi hüzürlüymüş. Şəhərdə başqa bir qohumun hüzürü düşür. Qədim ənənəyə görə  bu «köhnə» hüzürlülər təzəyə başsağlığına gedəndə ağı deyərək girərdilər:

 Aşıq haralı gəldi,

 Ağlı-qaralı gəldi.

 Sizin təzə hüzürə

 Köhnə yaralı gəldi.

 Hamı ayağa durub şaxsey gedərdi. Babamın bibisi də içəri girir başın dəstəsilə; ev sahibləri sinə döyərək ayağa qalxır, şaxseyə başlayırlar. Bibi deyir:

 Yeri-yeri yetim oğlan,

 Qolunnan tutum oğlan.

 Dərdli, ağlar qadınlar sinə döyür, nə deyildiyinin fərqinə varmır. Arvad:

 Vurun sandıq açılsın,

 İncili-mərcan seçilsin.

 Onun dəstəsində tək bir ayıq qadın varmış. Bibinin ağı əvəzinə yanılıb uşaqların oyun düzgüsünü söylədiyini anlayınca arvadın qolundan tutub aşağı dartır, oturdaraq qulağına əyilir:

 -Kəs, - deyir, - xalxın ağır, cavan yasına şuluqluq salma.

 Oxşamaların faciəylə nəticələnəni də olub. Anam danışırdı ki, Şamaxıda Tərlan adlı bir oğlan alagözlü bir gözəli sevirmiş. Həmin qızı zəngin bir ailənin harın oğlu da istəyirmiş. Özümü, pullu tutduğu qatilmi Tərlanı öldürür. Hüzürdə Tərlanın anası belə bir ağı deyir:

 Araz üstə, buz üstə,

 Kabab yanar köz üstə.

 Ana, məni vurdular,

 Bir alagöz qız üstə.

 Tərlanı öldürməklə «ürəyi soyumayan» qatil və onun adamları ananın ağısını mahnıya çevirtdirib, yığıncaqlarda, seyrlərdə, toylarda pul gücünə xanəndələrə oxutdururlar. Nəğməyə çevrilmiş ağının nəqəratında cavanın Tərlan adını Tello kimi oxuyurlar:

 Araz üstə, buz üstə – Tello,

 Kabab yanar köz üstə – Tello,

 Qoy məni öldürsünlər – Tello,

 Bir alagöz qız üstə – Tello.

 Aman Tello, Tellocan - Tello,

 Canım Tello, Tellocan - Tello.

 Çayda balıq yan gedər – Tello.

 Açma, yaram qan gedər – Tello.

 Yenə bir çobanı oxşayırlar. Gərmədən yastıqlı, eşşək çulundan yorğanlı, ömründə çay içməyən, paltarın yağış yuyan, gün qurudan, sağ yanı sağmal qoyunlu, sol yanı boz eşşəkli, əli şobbu çomaqlı, boz it Bozdar arxalı.