Əvvəlki səhifəyə qayıtmaq üçün        
                 
                                                                       

 

Ölümü də ibrətli, ölümü də gözəl qadın                                                     

YAXUD ALƏMDƏ SƏSİ QALAN EL ANASI

    Birotaqlı xudmani mənzilin qapısından içəri girən kimi elə bil tamam başqa bir aləmə düşürsən. Nələr yoxdur o aləmdə. Əlini hansı səmtə uzatsan kitaba toxunacaq, yıxılsan şəksiz kitabların üstünə yıxılacaqsan. Divarlardan Nəsiminin, Füzulinin, Nizaminin portretlərə hopulmuş əksləri boylanır. Onların ərəb-fars dilində yazılmış şerləri də xüsusi çərçivəyə salınıb. Adamı öz sehrinə salıb, qarşısında durub düşüncələrə qərq etməyə məcbur edən daha bir şəkil də var. Altından -"Türk bayrağının doğuluşu"-kəlmələri yazılıb. Üfüqdə göy rəngli türk bayrağı təsvir olunub, onun önündə at belində ərənlərinin döyüş səhnəsidir. Ortada şəhidlərin qanlarından yaranmış qırmızı gölə türk bayrağının əksi düşür.

    Kitab dolabının qarşısında bir qopuz da var. Yanında bu otağın təsvirindən artıq şəxsiyyəti bəlli olan ev sahibinin öz şəklidir. Elə bil indicə qopuzu köksünə basıb oxuyacaq. Kimlər pənah gətirməzdi bu otağa, həyatın əzab-əziyyətlərindən usanmışlar, saflığa, təmizliyə, insanlığa tapınmaq üçün bir künc axtaranlar, daxilən zənginləşməyə çalışanlar. Bir sözlə, insan axtarışı ilə bura gəlib çıxan insanlar. Bir dəfə düşdünsə daha çıxa bilməzdin bu sehrdən, heç çıxmaq istəməzdin də. Axı bura indi ayrılıb gəldiyin cəmiyyəti xatırlatmır sənə, tamam başqa, yaşadığın dünyadan xeyli fərqli, bəlkə də yalnız xəyallarında yaşatdığın bir dünyadır. Bu kiçicik dünyanın nurani ağbirçəyi hamı üçün qollarını açardı, hər kəsə pənah yeri olardı. İndi ortasında uzun bir stol açılaraq şirniyyat, halva, çay süfrəsi sərilmiş otaqda bircə o özü yoxdur. Cismən yoxdur, gülərüzlə adamı qarşılayıb hikmət xəzinəsinə qonaq edə bilmir. Artıq bir həftədir ki, bura gələnlər onu görə bilmir, onun xatirələri, onun ruhu ilə baş-başa qalır. Mənzildə həmin dünya, həmin saflıq, qeyri-adilikdir. O yaradaraq qoyub gedib bu dünyanı. Bircə özü yoxdur Əzizə ananın, Əzizə Cəfərzadənin.

    Şamaxıda müqəddəs bir təpəcik var

    Bir süfrə arxasında oturmuşuq, oğludur, gəlini, iki nəvəsi, qardaşı qızıdı, qardaşı oğludu, onun həyat yoldaşı. Söhbəti biri başlayır, o biri davam etdirir. Başsağlığı üçün gələn qonaqlar səssizcə keçib süfrə arxasında əyləşib qulaq kəsilirlər.

    Turan: "Anam Bakılıdır, anası ikinci Şamaxı zəlzələsində 17 günlük olub, köçüblər Bakıya. Onun tarixçəsi çox uzağa gedir. Atası burda mart qırğını zamanı türklərə qarşı vuruşmaq istəməyib, çıxıb gedib Şamaxıya. Azərbaycanda sovet hakimiyyəti qurulanda ona Nəriman Nərimanov vəzifə də təklif edib, kişi deyib ki, yox, mən bu hökumətə işləməyəcəm. Amma kişinin qəbri indi ordadır. Çəmbərəkənd qəbiristanlığında dəfn olunubmuş. O vaxt Kirova möhtəşəm heykəli o qəbiristanlığın üstündə qoyublar. Anamgil bu məsələni əvvəlcədən bilib kişinin qəbrini oğurlayıb aparıblar Şamaxıya. Sonra anası, iki qardaşı orda dəfn olundu. Mənim atam da orda dəfn olunub, əvvəlcədən anama dedi ki, bilirəm sən ananın yanında dəfn olunmaq istəyəcəksən, əgər elədirsə sən harda mən orda. Anamdan əvvəl orda dəfn olunmasını istədi. Odur ki, biz elə o vaxtdan bu günün belə olacağını bilirdik. Hacıqabul da o vaxt Şamaxının ərazisi idi, indi Hacıqabuldur. O təpəcikdə mənim bütün əzizlərimin məzarı var, bizim üçün müqəddəs bir yerdir artıq."

    Alyaskadan Şamaxıya ruh tez çatar, cism təyyarə gözləyər

    Danışır ki, indicə cənubdakı qohumlar zəng eləmişdi, anamın kefini xəbər almaq istəyirdilər...yaman təsirləndim. Qəhərlənir, gözlərinin yaşını silmək üçün məndən yayındırır. "Dəfninə gəlib çatdıra bilmədim. Mən neçə illərdir ki, işimlə əlaqədar Alyaskada yaşayıram. Kiçik qızım onun yanında, burda qalmışdı. Hər gün əlaqə saxlayırdıq, deyirdi yaxşıyam, hər şey öz qaydasındadır. Sən demə, mənə bu sözləri var gücünü toplayıb deyirmiş, əslində bütün yayı xəstə olub. Mən artıq bunu bilən kimi yoldaşımı, böyük qızımı göndərdim. Onlar gələndən sonra həkiminə zəng elədim və qərara aldım ki, özüm də gəlim. Orda isə bu 11 sentyabr hadisələrindən sonra ölkədən çıxmaq üçün gərək birbaşa ölkə rəhbərindən izn alasan. Sağ olsun həmyerlilərimiz, dedilər o uzun çəkəcək, biz birtəhər yoluna qoyarıq sən get. Amma yenə də üç təyyarə dəyişə-dəyişə gecikdim. Yoldan zəng elədim ki, gəlirəm. Şənbə günü səhərə yaxın çatdım Bakıya, anamı isə artıq beşinci gün dəfn eləmişdilər.

    Əzizə xanım üç dəfə universitetdən xaric olunub

    "Vida mərasimlərini heç sevməzdi, deyirdi cənazəni reklama çıxartmağa bənzəyir. Son vaxtlar bu mövzuda söhbətlərimiz çox olmuşdu. Anam ölümünə də köklü hazırlaşırdı. Zarafat deyildi 82 illik ömrünü mübarizə ilə yaşayıb. Nə qədər məhrumiyyətlər çəkib, elə üç dəfə universitetdən qovulub, yenidən bərpa olunub. Sonuncu dəfə ərəb-fars dilində Tofiq Fikrətin kitabını oxuduğu üçün çıxarılıbmış. Qardaşını "xalq düşməni" adı ilə məhv ediblər. Bu məsələ onun yolunda çox sədlər yaradıb. Doktorluğu müdafiə edəndə deyiblər ki, bu mövzuda kiminsə oğlu da doktorluq yazır, hələ yazır ha...Qəbul etməyiblər, o mövzunu neçə illər sonra da o kimsənin oğlu yox anam müdafiə etdi. Müharibə vaxtı ilk övladını itirib. Nə isə, bütün bunlar onun həyat yoludur. Ona görə deyirdi ki, mən yaşamışam."

    Qardaşı qızı Kəmalə Cəfərzadə danışır: "Deyirdi mən 10 insanın həyatını yaşamışam, 10 insanın gəzə biləcəyi qədər yerlər gəzmişəm. Allahımdan narazı olmağa haqqım yoxdur, 82 il az ömür deyil. 82 yaşında bir qadın, xəstə yatağında anasını xatırlayarmı? Bibim hər gün anasını çağırırdı, deyirdi:

    Anam bulağa gəlsin

    Minsin ulağa gəlsin.

    Gəlsin, bala vay desin

    Səsi qulağa gəlsin.

    Ayağı onu incidirdi, qabağa uzadıb ona baxa-baxa bir lətifə danışırdı. Hər halına bir zarafat, bir lətifə qoşurdu."

    Turan: "Adətən gündəlik yazardı. Bir dəfə anama təklif etdim, həm də elə dayılarıma, onlar da qələm adamları idi, alim idilər, dedim ki, Cəfərzadələr haqqında yazın, nəsil tanınmış nəsildir. Dayılarımın da təbii ki, öz düşüncə tərzləri vardı, həyata baxışları vardı. Bir məsələ barədə hökmən mübahisələri düşərdi. Dediyim kitab da indi işıq gördü."

    Kəmalə xanım: "Əslində əsər bütünlüklə yazılmayıb. Əzizə xanım gözlərindən əməliyyat olunandan sonra çətin yazırdı. Yazmaq istədiklərini danışırdı, köçürürdük maqnitofon lentlərinə, hələ bundan sonra yazılacaq onlar, biz yazacağıq. Sonuncu əsəri də elə yazılıb - "Eşq sultanı" əsəri.

    Deyirdi mənim bundan bədbəxt əsərim olmayıb, əlləri tutmurdu, alıb mən səhifələyib nömrələyirdim. "Biz Cəfərzadələr"in sonluğunu Turanın xahişi ilə dəyişdim. Kitab çıxandan sonra bibim bildi, mənə etiraz etdi ki, əsərimə çox müdaxilə etmisən.

    Siyasi get-gəllərə qarışmazdı, amma əsərlərində ştrixlərlə verirdi. "Bəla" əsərində deyir ki, indiki kimi o vaxt da Azərbaycan tayfalara bölünmüşdü. Deyir 37 partiya, sonra eyham edir ki, yox 37 tayfa."

    Televiziyadakı    verilişlərinin lentləri 20 Yanvar hadisələrində itirilib

     Turan: "Dünən kağız-vərəq içindən anama məktubumu tapmışam, 98-ci ilin məktubudur: "Ana, 40 dəqiqəlik piyada yolu gələ-gələ ürəyimdə səninlə müsahibə aparırdım. Yeni bir videofilm çəkmək fikrinə düşdüm, mövzu beynimdə çoxdan var. Əzizə Cəfərzadə və Azərbaycan tarixi. Sən Azərbaycan tarixi üçün nələr yazmısan (Ədəbiyyat tarixini demirəm) Adəm və Həvvadan başlamasan da onların da dövründən yazmısan. Nizami dövrü, Naxçıvanın qadın hökmdarı, Şah İsmayıl Xətai, Gülüstandan öncə, Natəvan, Seyid Əzim Şirvani, Sabir dövrü. Azərbaycan tarixi üçün daha nə demək istərdin. İkinci bir məsələ də var, sənin əsərlərində Azərbaycan tarixində qadın mövzusu öndədir. Kembricdə Lyus xanım sənə nəhəng qadın deyirdi. Deyirdi Azərbaycanda Əzizə xanım kimi fədai olduğu üçün qadın yaradıcılığı toplanıb üzə çıxıb. Şərq qadını onlar üçün qapalı qalmadı, ana, sən açdın onlara. Çox hayıf ki, sənin Az.Tv-də bu silsilədən olan verilişinin lentləri itirilib. Əlimə video düşən kimi o boşluğu doldurmağa çalışacam. Bir də bir əsər yazmalısan, "Nənəm, anam, mən" əsərini". İnşallah gəlib birlikdə yazarıq...Bu 35 ildə hər gün səndən nə isə öyrənmişəm, hələ öyrənəsi çox şey var."

    Səsi qırılır Turan bəyin, oxuya bilmir. Bəlkə də bu məktubu oxumaq ona indi Əzizə xanımsız qaldığını bir anlıq unutdururdu.

    Təyyarəçi olması üçün Əzizə xanımın boyu bircə santimetr az olub

    "Burdan Alyaskaya nəvələrinə yemək resepti verirdi. Vəfatından iki gün öncə qızıma şam kababının reseptini dedi, sonra da tapşırdı ki, bişirib şəklini çəkərsən, görüm necə bişirmisən. Özü də çox gəzib anam, həm atamın işi elə olub, həm də özünün ezamiyyətləri, axtarışları. Atam təyyarəçi idi, anam da təyyarəçi olmaq istəyirmiş, atamla da elə o kursda tanış olublar. Sonradan anamın boyu bircə santı çatmayıb."

    "Yaşıma düşən bütün Azərbaycan övladları mənim övladlarımdır"-belə deyərdi Əzizə ana. Amma ailəsindən bircə övladı Turan idi.

    Ölümündən bir gün əvvəl nə isə yazmaq üçün kağız-qələm istəyib.

    "80 yaşında bütün günü və səhəri gün əlimdə video çəkmişəm. Əlindəki gündəlikdən oxuyur - Xoşbəxtəm, ad günümü Turanımla, onun balaları ilə keçirirəm. Otağımı Qasım otağı kimi bəzəyiblər. Turan mənə öz hesabına çap etdirdiyi "Biz Cəfərzadələr" kitabını hədiyyə etdi. Prezident fərmanla illərdən bəri xalqın mənə verdiyi tituldan "ın" şəkilçisini götürüb bu adı rəsmiləşdirdi." Anam məhəbbətdən, xalqın məhəbbətindən çox ruhlanırdı. Onun xüsusi qaymaq, qatıq gətirəni vardı, gələrdi, ana, nə lazımdır? Sən düşmə, mən gedim alım. Göysatan, əncirsatan. Ona qəzet-jurnal gətirən poçtalyon deyirdi ki, siz bizim dünyanın adamı deyilsiniz, başqa planetdən düşmüsünüz, mənim cavan ömrümdən Tanrı sizə versin. Anam deyirdi Allah eləməsin, bala."

    Kəmalə xanım: "Bir gün səhər gəldim ki, stolun üstündə meyvə, göyərti, özü də çox. Dedim bunları kim yeyəcək belə. Dedi bir gəlin çıxmışdı yuxarı, aldım ki, istidir, yükü yüngülləşsin.

    Turan: "Onu polislərin göysatan qadınları təhqir etməsi çox incidirdi. Deyirdi bu qadın balasını necə saxlasın? Canını satmır ki, əkdiyi göyərtini, meyvəni satır də. Onu da əlindən alırsan, üstəlik qazandığı qəpik-quruşu da." "Bayatıları çox sevərdi anam, insanın anadan olmasından son gününə qədər biz bayatılar qoşmuşuq deyərdi. Özü də çox bayatı yazardı. Yavaş-yavaş gərək çap etdirək biz onları. Anamla biz həm dost idik, həm də opponent. İlk oxucusu idim onun, mənim məsləhətim olmadan əsərlərini çapa verməzdi.

    Qardaşı gəlini Vahidə xanım: "Ölümündən bir-iki gün əvvəl dedi ki, Vahidə, mənə qələm-kağız ver. Dedim necə yazacaqsan, əli qələm tutmurdu. Dedi ver, verdim nə qədər çalışdısa yaza bilmədi, nə yazacağını da bilmədim. Onu bildim ki, uşağın nə isə məzəli bir sözü ona mövzu vermişdi"

    Zehni itiləşsin deyə krossvord doldurarmış

    Kəmalə xanım: "Hafizəsini itirməkdən qorxurdu, əli qələm tutmurdu, amma zehni qəti çaşmamışdı. Hər gün səhərlər adəti üzrə oturub işlədiyi yazı masasının arxasına keçərdi, deyirdi oturdun məni orda, işləyəcəm. Oturub krossvord doldururdu ki, zehni itiləşsin, korşalmasın."

    Turan bəy əlində vərəqlədiyi gündəlikdən oxuyur:

    O taydan gələn kimdir

    Fağıra gülən kimdir

    Siz Allah, bircə deyin

    Bu yurdda ölən kimdir.

 

    Bu dağlar hasa dağlar

    Batıbdır yasa dağlar

    Quruyub lalələri

    Batıbdır yasa dağlar.

    Təsadüfən açıb oxuduğu bu bayatılar yerinə düşdüyündən Turan bəyin bu gün neçənci dəfə qəhəri boğazında tıxaclanır, səsi titrəyib kəsilir.

    Kəmalə xanım: "Ətrafdan qayğı ilə əhatə olunmşdu. Hamı çalışırdı ki, onun üçün nə isə eləsin ki, ayağa qalxsın Əzizə xanım. Deyirdi siz məni ölməyə qoymursunuz, aparın məni kəndə, kənd adamı əhli-haldır gedəni saxlamaz. Müdrikdilər, məni daha tez rahatlayarlar. Bütün yayı Əzrayılla  mübarizə aparmışıq. Bezmişdi iynələrdən, daha qoymurdu vurulsun.

    Deyirdi:

    Qoy məni el götürsün,

    El yuyub, el götürsün

    Qardaş qəbrimi qazsın

    Çiyninə bel götürsün.

 

   İlahi, dəfndə el sel axını qədər idi. Arzusu yerinə yetdi.Bir şeri də tez-tez deyərdi:

    Görsəm bu dağın ardını

                             dərgah deyə bilsəm

    Bu eşqi ilahi ilə ey

                             vaxt deyə bilsəm

    Yox, zərrəcə qorxum

                            fələyin sir-sifətindən

    Son anda gücüm çatsa bir

                            Allah deyə bilsəm.

    Doğrudan da son nəfəsində elə bil bütün gücünü toplayıb Allah kəlməsini dedi, nəfəsini dərdi və gözlərini yumdu."

    O gecədən Əzizə xanımın otağındakı saat 22.10 dəqiqəni göstərir. Mənzili və onun sahibəsinin yetirmələri olan bu gözəl insanları tərk edib küçəyə çıxıram. Dərindən nəfəs alıb yeni qüvvə toplayırmış kimi kütlənin axınına qoşuluram, qarşıda hələ bu gün görüləsi çox işlər var... Qulaqlarımda isə bir səs qaldı, Əzizə xanımın səsi. Yalnız mənim qulaqlarımdamı?

 

 

Ramilə QURBANLI

  «Üç nöqtə» qazeti

 

  •